Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib.
Milli.Az xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir.
Göz xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Osman Şevki Arslan bildirib ki, mavi işığın göz sağlamlığına təsiri ilə bağlı tam dəqiq elmi nəticələr olmasa da, bu sahədə ciddi narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, problem təkcə mavi işıq deyil, həm də uzunmüddətli ekran istifadəsi, yanlış oturuş və baxış məsafəsinin düzgün seçilməməsidir:
"Rəqəmsal ekranlar yalnız mavi işıq yaymır, eyni zamanda uzun müddət istifadə edildikdə boyun və skelet sistemi üzərində də mənfi təsirlər yaradır. Ekrana baxma müddəti, məsafəsi və duruş forması sağlamlıq üçün ciddi risk faktorlarıdır".
Professor əlavə edib ki, mavi işıq insanın bioloji saatına da təsir göstərir. Günəş işığının melatonin hormonunu tənzimlədiyini xatırladan Arslan bildirib ki, gün ərzində bu hormonun azalması insanı oyaq saxlayır, axşam saatlarında isə artaraq yuxuya keçidi asanlaşdırır. Lakin gecə saatlarında ekranlardan yayılan mavi işıq bu prosesi pozaraq yuxu problemlərinə səbəb olur.
Qeyd edib ki, yuxu pozuntuları nəticəsində enerji səviyyəsi aşağı düşür, əhval-ruhiyyə pisləşir və zehni fəaliyyət zəifləyir.
"Orqanizm kifayət qədər istirahət edə bilmir və bu da ümumi sağlamlığa mənfi təsir göstərir", - deyə o vurğulayıb.
Həkim yuxudan ən azı 3-4 saat əvvəl telefon, kompüter və televiziya istifadəsinin dayandırılmasını tövsiyə edir. İzah edib ki, əgər gecə saat 23:00-00:00 aralığında yatmaq planlaşdırılırsa, ekran istifadəsini ən gec 21:00-22:00-da bitirmək lazımdır. Əks halda, insan təbii yuxuya keçə bilmir.
Eyni zamanda, uzun müddət ekrana yaxın məsafədən baxmağın gözlərdə yorğunluq yaratdığını deyən professor qeyd edib ki, kompüterdən istifadə zamanı optimal məsafə 40-60 santimetr olmalıdır.
Uşaqların bu təsirlərə daha həssas olduğunu bildirərək valideynlərə də müraciət edib. Söyləyib ki, 0-2 yaş arası uşaqların ekranlardan tam uzaq tutulması vacibdir. 2-5 yaş arası uşaqlar üçün isə gündəlik ekran vaxtı maksimum 40 dəqiqə ilə 1 saat arasında olmalıdır:
"Uşaqları ekranla sakitləşdirmək onların inkişafına mənfi təsir göstərir. Bu, diqqət dağınıqlığına, öyrənmə çətinliklərinə və fokuslanma problemlərinə səbəb ola bilər".
Mina Mikayılova
Milli.Az