Futbolçular buna görə corablarını kəsib oynayırlarmış - VİDEO

22 Mart 2026 04:04

Son illər futbolda diqqət çəkən detallardan biri də bəzi futbolçuların oyun zamanı corablarını kəsərək meydana çıxmasıdır.

Milli.Az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə tez-tez müzakirə olunur və bir çox azarkeş bunun səbəbini maraqla soruşur.

Məsələyə aydınlıq gətirən mütəxəssislər və futbolçular bildirir ki, yayılan məlumatların böyük hissəsi doğrudur.

Məsələn, İngiltərə millisinin və "Mançester Siti"nin ulduzu Cek Qriliş bu üsuldan istifadə edən ilk məşhur futbolçulardan biri sayılır. Onun ardınca Cud Bellinqem və Bukayo Saka kimi tanınmış oyunçular da corablarını kəsərək meydana çıxmağa başlayıblar.

Səbəb nədir?

Mütəxəssislərin sözlərinə görə, futbol zamanı qaçışdan sonra baldır əzələləri şişir və standart futbol corabları bacağı sıxmağa başlayır. Bu isə:

qan dövranını zəiflədə bilər,

əzələdə gərginliyi artıra bilər,

bəzən isə kramp riskini yüksəldə bilər.

Xüsusilə məşqçilər corabların aşağı düşməməsi üçün onların çox sıx hazırlanmasını tələb edir. Lakin oyun zamanı əzələ şişdiyi üçün bu sıxlıq futbolçular üçün narahatlıq yaradır. Buna görə də bəzi oyunçular corabın arxa hissəsini kəsərək baldırın daha rahat hərəkət etməsinə şərait yaradır.

Həkimlər nə deyir?

İdman həkimləri bildirir ki, corabın baldırı həddindən artıq sıxması həqiqətən də qan dövranına təsir edə bilər. Buna görə də bəzi futbolçuların bu üsula əl atması normal sayılır. Lakin hər futbolçu üçün bu vacib deyil. Bu, daha çox fərdi bədən quruluşu və əzələ həcmindən asılıdır.

Sosial mediada trendə çevrilib

Son vaxtlar azarkeşlər də bu üsulu müzakirə edir və bir çox gənc futbolçu məşq və oyunlarda ulduz oyunçular kimi corablarını kəsərək meydana çıxmağa başlayıb. Xüsusilə Qriliş bu trendin yayılmasına səbəb olan əsas futbolçulardan biri hesab olunur.

Hüseyn
Milli.Az