FİFA İran millisinin tələbini rədd etdi - SON DƏQİQƏ

18 Mart 2026 20:13

FIFA bu gün İran Futbol Federasiyasının rəsmi tələbini rədd edib.

Milli.Az xəbər verir ki, İran 2026 FIFA Dünya Kuboku qrup mərhələsindəki oyunlarını ABŞ-dən Meksikaya köçürülməsini tələb etmişdi. Beynəlxalq futbol qurumu rəsmi açıqlamasında turnirin dekabrın 6-da elan edilmiş cədvəlinə heç bir dəyişiklik olunmayacağını təsdiqləyib.

FIFA-nın bəyanatında deyilir:

"FIFA bütün iştirakçı üzv assosiasiyalarla, o cümlədən İran İslam Respublikası ilə (IR Iran) Dünya Kuboku 2026-nın planlaşdırılması ilə bağlı müntəzəm əlaqədədir. FIFA bütün iştirakçı komandaların dekabrın 6-da 2025-ci ildə elan edilmiş matç cədvəlinə uyğun olaraq yarışmasını səbirsizliklə gözləyir."

İran tərəfi bu təklifi ABŞ Prezidenti Donald Trumpun İran millisinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyi barədə açıqlamalarından sonra irəli sürüb. İranın Meksikadakı səfirliyi və Federasiya prezidenti Mehdi Taj bildirib ki, oyunçuların təhlükəsizliyi təmin olunmadığı üçün komanda ABŞ-yə səfər etməyəcək və oyunların Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparılır. Bu, hazırkı ABŞ-İsrail-İran münaqişəsi fonunda yaranıb.

İranın qrup mərhələsindəki oyunları Los-Anceles və Sietlda (ABŞ) planlaşdırılıb - rəqiblər Yeni Zelandiya, Belçika və Misir olacaq.

Meksika Prezidentinin də İrana ev sahibliyi təklif etməsinə baxmayaraq, FIFA logistik, bilet satışı və turnir strukturundakı çətinliklərə görə belə dəyişikliyə getməyəcəyini açıq şəkildə bildirib.

Bu qərar İranın Dünya Kubokunda iştirakı ilə bağlı sualları daha da artırır - federasiya təhlükəsizlik səbəbindən ABŞ-yə getməyəcəyini vurğulayır, lakin FIFA heç bir istisna və ya alternativ plan təqdim etməyib. Turnir ABŞ, Kanada və Meksika tərəfindən birgə qəbul olunacaq və iyundan etibarən start götürəcək. (Offsideplus.az)

Milli.Az