Xalq artisti Natavan Şeyxovanın doğum günüdür. Sevilən müğənni 81 yaşını qeyd edir.
Milli.Az xəbər verir ki, musavat.com-un əməkdaşı sənətkarın özəl günündə təəssüratlarını öyrənib.
- Natavan xanım, ömrün 81-ci fəslinə gəlib çıxdınız. Necə hissdir?
- Çox gözəl hissdir. Ayaqdayam, sağlamam və hələ də işləyirəm. Bilirsiniz ki, Bakı Musiqi Akademiyasında dərs deyirəm. Həyatımda hər şey yaxşıdır. Ailəm yanımdadır və salamatdırlar. Mənim üçün ən vacibi budur. Ölkəmizdə də əmin-amanlıqdır. Rayonlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüz təmin olundu. Bundan artıq nə istəyə bilərəm ki?
- Adətən deyirlər ki, yaş kişinin var-dövlətidir. Bəs xanımlar, məhz Natavan Şeyxova üçün nədir?
- Yaş bəlkə də sadəcə rəqəmdir. Mən akademiyada dərs deyirəm, evimdə isə bir ana və xanımam, ev işləri ilə məşğul oluram. Mənim köməkçim yoxdur, hər şeyi özüm edirəm və bunu çox asanlıqla çatdırıram. Bu baxımdan deyə bilərəm ki, yaşın neçə olmasını hələ hiss etmirəm. Əsas odur ki, sağlamlıq yerindədir. Ən böyük istəyim də budur. Ümumiyyətlə, mən xoşbəxt insan və qadınam. Həyat yoldaşım Rafiq bəy həyatdadır və mənim qayğıma çox yaxşı qalır. Qadın üçün bundan artıq nə lazımdır ki? Uşaqlar və həyat yoldaşım məni sevir. Belə olan halda yaş yada düşər?! (gülür)
- Həyat yoldaşınızdan böyük sevgi ilə danışırsınız. Bu gün sizi necə təbrik etdi?
- Bizim aramızda sevgi münasibəti ilk günlərdəki kimidir. Heç nə dəyişməyib. Biz bir-birimizi sevir və dəstəkləyirik. Bilirsiniz, yəqin ki, mən də, o da bir-birimizdə yarım qalanı tapmışıq və tamlanmışıq, bütöv olmuşuq. Ona görə də biz xoşbəxtik və həyatımızda hər şey qaydasındadır. Həyat yoldaşım həmişə doğum günlərimdə mənə xoş sözlər deyir, öpür, təbrik edir. Mənim üçün də ən böyük hədiyyə onun salamat və yanımda olmasıdır. Bu il də ailəmlə birgə süfrə arxasında əyləşib doğum günümü qeyd edəcəyəm.
- Deməli, siz yarınızı doğru tapmısınız...
- O, məni tapıb. (gülür) Orkestra gəldiyim ilk gündən məni bəyəndi və dedi, "sən mənim həyat yoldaşım olacaqsan".

- İlk baxışdan məhəbbət?
- Əlbəttə, ilk baxışdan mənə aşiq olub.
- Əgər 81 yaşdan geriyə boylansanız, ən çox hansı illəriniz üçün darıxarsınız?
- Gənclik illəri mənim üçün əvəzedilməzdir. Həmin illərdə biz dayanmadan işləyirdik və çox şən, xoşbəxt idik. Doğrudur, indi də hər şey qaydasındadır, konservatoriyada işləyirəm, gənclərə dərs deyirəm. Bu gənclər mənə enerji və güc verir.
- Siz həmişə gözəl qadın olmusunuz. İndi də bu təravəti qoruyub saxlayırsınız. Yəqin ki, çox baxımlısınız...
- Yox, xüsusi baxımlı deyiləm. Heç gözəllik salonuna getmirəm. Bu, təbiətdən, anamdan gələn gözəllikdir. Allah məni elə yaradıb ki, estetik müdaxiləyə ehtiyac olmayıb.
- 81 yaş böyük ömür yoludur və zəngin həyat təcrübəsi deməkdir. Gənclərə nə məsləhət verərdiniz?
- Mən istərdim ki, gənclərimiz həyatda öz yolunu tapsın. Ailə quranda sevgini əsas götürsünlər, deməsinlər ki, bunun var-dövləti, maşını var, ya yoxdur. Onları xoşbəxt edən şeylərlə məşğul olsunlar. Öz övladlarıma arzuladıqlarımı bütün gənclərə arzulayıram.
- Bu gün yuxudan durdunuz və özünüzə nə dediniz?
- Yuxudan durdum və ayna qarşısına keçdim ki, görüm gözəl görünürəmmi? Başqa heç nə...
Milli.Az