Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək...

18 Mart 2026 12:18

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir.

Milli.Az xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır.

2001-ci ildə aşkarlanan bu virus əsasən qışın sonu və yazın əvvəlində daha çox yayılır. Ən çox rast gəlinən əlamətlər öskürək, qızdırma, burun tutulması, boğaz ağrısı, xırıltılı tənəffüs və nəfəs darlığıdır. Bəzi hallarda bronxit və pnevmoniya kimi ağırlaşmalar da yarana bilər.

Virus xüsusilə uşaqlar, yaşlılar və zəif immun sistemi olan insanlar üçün daha təhlükəli hesab olunur. HMPV yoluxmuş şəxslə yaxın təmas və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.

Hazırda virusa qarşı xüsusi peyvənd və ya spesifik müalicə yoxdur. Həkimlər istirahət, bol maye qəbulu və simptomları yüngülləşdirən müalicə üsullarını tövsiyə edirlər. Nəfəs darlığı və uzun müddət davam edən yüksək hərarət olduqda isə mütləq həkimə müraciət edilməlidir.

Fidan
Milli.Az