Opera Studiyasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası tamaşaçılara təqdim olundu. Musiqili komediya janrında yazılmış bu məşhur səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Milli.Az xəbər verir ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Konsertmeyster qismində Nüşabə İsa, Roza Səlimova və Tofiq Şıxıyev çıxış etdilər. Müşayiət etdilər Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Elxan Mansurov (tar).
Səhnədə bir-birindən maraqlı və yaddaqalan obrazlar təqdim olundu. Məşədi İbad rolunu Xalq artisti Azər Zeynalov, Rüstəm bəy rolunu Xalq artisti Əkrəm Poladov canlandırdı. Gülnaz rolunda ilk dəfə olaraq Səma Həmzəyeva çıxış etdi. Sərvər obrazını Atəş Qarayev, Sənəm obrazını Əməkdar artist Gülüstan Əliyeva ifa etdilər.
Həmçinin səhnədə Həsənqulu bəy rolunda Əməkdar artist Ələkbər Əliyev, Rza bəy rolunda Əməkdar artist Tural Ağasıyev, Həsən bəy rolunda Fəhmin Əhmədli, Qoçu Əsgər rolunda Əməkdar artist Cahangir Qurbanov çıxış etdilər. Hambal rolunu Xaliq Bəkirov, Məşədi Qəzənfər rolunu Sadiq Məlikov, Balaoğlan rolunu isə Orxan Hüseynov canlandırdı. Tamaşada xanəndə obrazında Əməkdar artist Elnur Zeynalov çıxış etdi.
Tamaşa yüksək səviyyədə təqdim olundu və Üzeyir Hacıbəylinin zəngin musiqisi, maraqlı səhnə quruluşu və aktyor heyətinin peşəkar ifası sayəsində tamaşaçılara unudulmaz sənət axşamı bəxş etdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Milli.Az