Bəhruz Əsgərov 5,5 milyon manatı mənimsəmədə təqsirləndirilir

17 Mart 2026 18:28

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov 5,5 milyon manat mənimsəmədə özünü təqsirli bilmir.

Milli.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə prosesdə ittiham aktına münasibət bildirən zaman deyib.

İttiham aktında qeyd edilib ki, Bəhruz Əsgərov 1 iyun 2018-ci il - 31 dekabr 2023-cü ilədək olan müddət ərzində Şərur, Culfa, Şahbuz, Sədərək, Ordubad, Kəngərli, Babək və Naxçıvan Yol Təmir-İstismar idarələrinin rəisləri, həmçinin qabaqcadan bir qrup şəxslə əlbir olaraq dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurublar. Vəzifə saxtakarlığında da ittiham olunan sabiq sədr çalışdığı illər ərzində 5.5 milyon manatdan çox vəsaiti mənimsəyib.

O, özünü ittiham olunan maddələr üzrə təqsirli hesab etməyib.

Məhkəmə prosesi aprelin 10-a təxirə salınıb.

Qeyd edək ki, Bəhruz Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az