"Azərxalça" ASC və "Qarabağ Futbol Klubu" ( Qarabağ FK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
Milli.Az xəbər verir ki, "Azərxalça" ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda baş tutan tədbirdə imzaları "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və Qarabağ FK-nın Prezidenti Tahir Gözəl atıb. Görüş zamanı Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, Qarabağ FK-nın brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olundu. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.
Bundan sonra hər iki tərəf Qarabağ FK-nın rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentlərini, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementlərini özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.
Çıxışlar zamanı həm Emin Məmmədov, həm Tahir Gözəl milli irsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib. "Azərxalça" ASC sədri xüsusi vurğulayıb ki, "Azərxalça" ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki, öz növbəsində Qarabağ futbol kulubu da "Qarabağ" adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. "Qarabağ" FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.
Milli.Az