"Bösendorfer" firmasına məxsus royalların rəsmi təqdimat mərasimi baş tutub.- FOTO

17 Mart 2026 17:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası üçün əlamətdar və yaddaqalan bir gün oldu. Paşa Holdinq və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və qayğısı nəticəsində Filarmoniyaya Avstriyanın dünyaca  məşhur "Bösendorfer" firmasına məxsus 2 ədəd konsert royalları təqdim edildi. Royalların rəsmi təqdimat mərasimi  ölkənin tanınmış musiqi xadimlərinin, gənc ifaçıların iştirakı və yüksək səviyyəli konsert proqramı ilə müşayiət olunaraq musiqisevərlər üçün əsl sənət bayramına çevrildi.

Təqdimat mərasimində çıxış etmək üçün səhnəyə Azərbaycan və SSRİ Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Murad Hüseynov dəvət olunublar. Onlar çıxışlarında ölkəmizdə musiqi sənətinin inkişafı, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, eləcə də dünya səviyyəli musiqi alətlərinin milli musiqi mühitinin inkişafında və ifaçılıq mədəniyyətinin yüksəldilməsində oynadığı mühüm roldan bəhs ediblər. Qeyd olunub ki, yüksək keyfiyyətli royalların Filarmoniya səhnəsinə gətirilməsi ölkənin musiqi həyatında mühüm hadisədir və gələcək konsertlərin daha yüksək bədii səviyyədə təqdim olunmasına töhfə verəcək.

Konsertdə Ş.Ələkbərov adına 20 nömrəli musiqi məktəbinin şagirdi pianoçu Tamerlan Məmmədov və G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Mədinə Paşayeva ifa etdilər.Proqramda E.Grieg "Yolsterdən rəqs", Ə.Mustafazadə "Ürək döyüntüsü"əsərləri səsləndi.

Proqramın davamında  S.İbrahimovanın iki piano üçün yazdığı "Azərbaycan təranələri" əsəri səsləndirilib. Əsər pianoçular Murad Hüseynov və Murad Adıgözəlzadənin yüksək peşəkarlıqla təqdim etdiyi parlaq təfsirdə dinləyicilərə təqdim olunub.

Konsertdə həmçinin G.Fauré-nin "Dolly" silsiləsindən pyeslər, eləcə də F.Əmirovun "Min bir gecə" baletindən fraqmentlər səsləndirilib.

Müxtəlif nəsillərə mənsub ifaçıların bir səhnədə araya gəldiyi bu möhtəşəm musiqili tədbir yeni "Bösendorfer" royallarının təqdimatını əlamətdar sənət hadisəsinə çevirib.Tədbir dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az