29 mart tarixində Safarli Gallery-də azərbaycanlı rəssam və yazıçı, hazırda ABŞ-da yaşayan Rüstəm Quliyevin kitab təqdimatı və illüstrasiya sərgisi baş tutacaq. Tədbirdə müəllifin yeni kitabı - "THE ARK OF OOMINOR. A traveler's handbook to another earth" ("Oominorun Gəmisi. Başqa bir dünyaya səyahətçinin bələdçisi") təqdim olunacaq. Bu əsər müəllifin özünəməxsus fantastik kainatını açan yaradıcılıq yolunun davamıdır.
Ekspozisiya rəssamın kitab üçün yaratdığı illüstrasiyaları bir araya gətirərək tamaşaçıları təsəvvür, azadlıq və özünü axtarış dünyasına səyahətə dəvət edəcək. Təşkilatçıların sözlərinə görə, bu yalnız sərgi və təqdimat deyil, həm də müəllifin fantaziyasından doğan unikal bədii reallığa toxunmaq imkanıdır.
Rüstəm Quliyev Bakıda anadan olub. Oxumağa və yaradıcılığa marağı hələ uşaqlıq illərindən formalaşıb. Onun rəsmləri qeyri-adi texnika və fantastik heyvan, quş obrazları ilə seçilib. Maraqlıdır ki, bu əsərləri o, əvvəlcədən eskizsiz, hazırlıqsız, ani şəkildə yaradırdı. Oksford incəsənət dərnəyinin yetirməsi olan Rüstəm müxtəlif sərgilərin qalibi olub. O, 7 yaşında British Airways tərəfindən keçirilən "Fantaziyanın qanadlarında" müsabiqəsinin laureatı olub. 12 yaşında isə yaratdığı obrazları canlandırmaq qərarına gələrək hekayələr yazmağa başlayıb və bununla da yaradıcılıq yoluna qədəm qoyub.
Artıq 17 yaşında onun əsərləri Parisdə müasir incəsənət qalereyası Viyacelli Gallery-də nümayiş etdirilib və burada onun ilk kitabı "Pauls-Lauls - insanlar üçün olmayan dünya"nın təqdimatı keçirilib. Ali təhsilini Türkiyədə, Bilkent Universitetinin incəsənət fakültəsində alıb. Daha sonra Baku Media Center-də çalışıb, ardınca isə Nyu-Yorkda Fashion Institute of Technology-də magistratura təhsili alıb və burada da onun illüstrasiyaları sərgilənib.
Bakıda keçiriləcək kitab təqdimatı və illüstrasiya sərgisi incəsənət və fantastika sevərləri üçün yaddaqalan hadisə vəd edir və tamaşaçıları gənc müəllifin yaratdığı möhtəşəm fantaziya dünyasına aparacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az