Bakıda şagird dərsdən qaçmaq istəyərkən ikinci mərtəbədən YIXILIB - YENİLƏNİB

17 Mart 2026 15:16

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Milli.Az

_______________

Saat - 13:20

Bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, 233 saylı məktəbdən çağırış daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi yardım olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin məktəbdə baş verdiyi barədə iddialar yayılıb.

Yayılan məlumatlara görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbin 8-ci sinif şagirdi dərsdən qaçmaq istəyərkən ikinci mərtəbədən tullanıb.

Hadisə ilə bağlı məktəbə sorğu ünvanlanıb.

Milli.Az