Hazırda "Neftçi"də çıxış edən malili müdafiəçi Falaye Sako maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, futbolçu bir müddət öncə verdiyi açıqlamada argentinalı ulduz Lionel Messinin onun formasını istəməsindən söz açıb.
O, 2022-ci ildə PSJ və "Sent Etyen" arasında keçirilən Fransa Liqa 1 matçı zamanı Messinin bu istəyinə təəccübləndiyini deyib: "Lionel Messi mənim formamı istəyəndə çox təəccüblənmişdim. Bu günə qədər onun kimdənsə forma istədiyini eşitməmişdim, necə olur ki, mənimkini istəyir?
Yanıma gəldi və "formaları dəyişək?' deyə soruşdu. Doğrudan da çox təəccübləndim, amma əlbəttə ki, qəbul etdim. Sonra ondan niyə mənim formamı istədiyini soruşdum. O isə mənə dedi ki, "afrikalı oyunçulardan çox formam yoxdur". Biz formaları dəyişdik və o getdi.
Messi kimi birinin mənim formamı istəməsinə nə mən, nə də komanda yoldaşlarım inana bildik. O forma hazırda Malidədir, təkcə mənim və ya ailəm üçün deyil, ölkəm və bütün Afrika üçün çox böyük məna daşıyır. Həmin forma dünyanın ən yaxşı oyunçularından biri ilə yaşanan o anı təmsil edir".
Qeyd edək ki, Falaye Sako ötən ilin yayından "Neftçi"də çıxış edir.

Milli.Az