Elvin Xoca Qəniyev Tbilisidə çıxış edib və gənc musiqiçilər üçün ustad dərsləri keçirib - FOTO

16 Mart 2026 16:20

Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Böyük zalında müasir klassik səhnənin parlaq nümayəndələrini bir araya gətirən kamera musiqisi axşamı Gürcüstan paytaxtının mədəni həyatında yaddaqalan hadisəyə çevrilib. Bu tədbir həm də Azərbaycan və Gürcüstan arasında canlı yaradıcı dialoqun növbəti nümunəsi, incəsənətin ölkələri və mədəniyyətləri birləşdirdiyini göstərən gözəl bir örnək olub.

Səhnədə beynəlxalq trio çıxış edib - Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Elvin Xoca Qəniyev, tanınmış gürcü violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Lizi Ramişvili və pianoçu İrma Giqani.

İfaçılar dinləyicilərə incə ansambl uyğunluğu, bədii dərinlik və klassik repertuarın ifadəli interpretasiyası ilə seçilən zərif kamera musiqisi proqramı təqdim ediblər.

Proqramda Cozef Haydnın Fortepiano triosu №39 və İohannes Bramsın si major, op. 8 nömrəli Fortepiano triosu №1 səslənib. İfa filiqran dəqiqliyi, zəngin dinamik palitrası və emosional dolğunluğu ilə seçilib. Nəticədə trio çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və uzun sürən alqışlarla müşayiət olunub.

Dinləyicilərin coşqulu reaksiyasına cavab olaraq musiqiçilər bis olaraq tanınmış gürcü bəstəkarı Vacı Azaraşvilinin "Köhnə Tbilisi mövzuları üzərində fantaziya" əsərini ifa ediblər. Bu təsirli musiqi miniatürü şəhərə bədii ithaf kimi səslənərək axşama xüsusi ab-hava qatıb.

Konsertin qonaqları arasında tanınmış gürcü musiqiçilər, mədəni ictimaiyyət nümayəndələri, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da olublar.

Musiqi proqramı maarifləndirici təşəbbüslə də müşayiət olunub. Konsert ərəfəsində Tbilisidə gənc pianoçular və skripkaçılar üçün pulsuz ustad dərsləri təşkil edilib. Ustad dərslərini tanınmış musiqiçilər İrma Giqani və Elvin Xoca Qəniyev keçiriblər. Dərslərin iştirakçıları Gürcüstanın müxtəlif regionlarından olan istedadlı gənc ifaçılar olub. Tədbir Gürcüstan Universitetinin Musiqi Akademiyasının dəstəyi ilə baş tutub.

Bu gün Elvin Xoca Qəniyev, Lizi Ramişvili və İrma Giqani müasir dünya klassik səhnəsinin parlaq nümayəndələri hesab olunurlar. Onların yaradıcılıq əməkdaşlığı müxtəlif ifaçılıq məktəblərini və ənənələrini birləşdirərək müasir kamera musiqisi mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir. Musiqiçilərin birgə çıxışları beynəlxalq auditoriyanın diqqətini cəlb etməyə davam edir, trioun 2026-2027-ci illər üçün planlaşdırılan yeni layihələri isə dünya kamera musiqisi səhnəsində diqqətçəkən hadisələr vəd edir.

Milli.Az