"Neftçi" Emin Mahmudovun qolu ilə tarixə düşdü

16 Mart 2026 14:36

"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.

Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduqları 150 penaltidən 120-ni qola çeviriblər. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçısıdır.

Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Milli.Az