Bakıda 53 yaşlı qadın doğuş zamanı ÖLÜB - YENİLƏNİB

16 Mart 2026 14:20

Martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, martın 14-də saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb: "Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.

Martın 15-də saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".

O da qeyd olunub ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Milli.Az

_______________

Saat - 12:43

Bakının Sabunçu rayonunda ana ölümü qeydə alınıb.

Milli.Az xəbər verir ki, O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Ağasi qızı Mirzəyeva doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar aparılır./Report

Milli.Az