"Növbəti ildən başlamaqla Dövlət İmtahan Mərkəzi digər dövlət qurumları ilə vaxtları uzlaşdıraraq, istiqamətlərə ayırmadan buraxılış imtahanını (qəbul və qəbul imtahanının birinci mərhələsi) bir gündə keçirməlidir".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.
Onun sözlərinə görə, imtahanlarda 120 mindən çox şagird iştirak etdiyindən təşkilati baxımdan bu proses xeyli maddi, texniki və insan resursu tələb edir. Lakin buna baxmayaraq, imtahanın eyni gündə keçirilməsi mümkündür.
Ekspert qeyd edib ki, bu addım bir neçə problemi aradan qaldıra bilər. Belə ki, istiqamətlər arasında yaranan "biri digərindən asandır və ya çətindir" kimi müzakirələr və ədalətsizlik iddiaları aradan qaldırılacaq.
Bundan əlavə bildirib ki, əlavə sualların hazırlanmasına və istifadəsinə ehtiyac qalmayacaq.
Eyni zamanda, onun fikrincə, bu yanaşma pərakəndə hazırlıq sistemini nizama salacaq:
"Nəhayət, imtahan nəticələrinin daha erkən və eyni vaxtda elan olunmasına imkan yaradacaq".
Mina Mikayılova
Milli.Az