M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olundu. Orkestrə dirijor Murtuza Bülbül rəhbərlik etdi.
Konsert proqramının ilk hissəsi W.A.Mozart-ın məşhur "Sehrli fleyta" operasının uvertürası ilə açıldı. Daha sonra bəstəkarın violin və orkestr üçün 5 saylı konserti (A-dur) səsləndirildi. Üç hissədən ibarət olan bu əsərin solisti Rusiyadan dəvət olunmuş violin ifaçısı Daniil Koqan oldu.
Konsertin ikinci hissəsində S.Prokofyevin "Romeo və Cülyetta" baletindən beş fraqment təqdim edildi. Bu fraqmentlər arasında "Səhər", "Cülyetta - qızcığaz", "Montekki və Kapuletti", "Ayrılıq səhnəsi", "Tibaldın ölümü" adlı məşhur epizodlar yer aldı.
Gecənin sonunda Polad Bülbüloğlunun violin və orkestr üçün konserti səsləndirildi. Üç hissədən ibarət olan bu əsərdə də solist kimi Daniil Koqan (violin) çıxış etdi.
Zəngin və rəngarəng proqram dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Konsert musiqisevərlərə klassik Avropa və Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümunələrini bir arada dinləmək imkanı yaratdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az