"Çox güclü bir komandaya qarşı çempionluq uğrunda mübarizə aparırıq. Bilirik ki, çempion olmaq üçün ən yaxşı səviyyəmizdə olmalıyıq".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Son zamanlarda yüksək səviyyədə oynamadığınız barədə müzakirələr gedirdi. Bununla razısınız?
- Əslində, inkişaf etməli olduğumu yaxşı başa düşürəm. Bütün fikirlərə hörmətlə yanaşıram. Xarakterim elədir ki, öz oyunum barədə nələri yaxşılaşdırmalı olduğumu anlamaq üçün mütləq şərhləri oxumağa və ya müzakirələri dinləməyə ehtiyac duymuram. Mən özüm özümün ən böyük tənqidçisiyəm. Hətta insanlar yaxşı oynadığımı desələr belə, buna tam inanmıram və oyunumda həmişə yaxşılaşdırmalı olduğum bir çox məqam tapıram. Mənim üçün ən vacibi öz üzərimdə işləmək, bacarıqlarımı inkişaf etdirmək və məşqçimin dediklərinə qulaq asmaqdır.
- Çempionluq şansları barədə fikirləriniz necədir?
- Çox güclü bir komandaya qarşı çempionluq uğrunda mübarizə aparırıq. Bilirik ki, çempion olmaq üçün ən yaxşı səviyyəmizdə olmalıyıq. Məqsədimiz hər oyundan 3 xal qazanmaqdır: oyunu udmaq, bərpa olunmaq, məşq etmək və yenidən növbəti oyunda 3 xalı qazanmağa çalışmaq... Düşünürəm ki, yanaşmamız oyun-oyun irəliləmək olacaq.
- "Sabah"la həm çempionluq, həm də kubok mübarizəsi olacaq. Bu, aranızda rəqabəti və prinsipiallığı artıracaq?
- Aydındır ki, bir mövsüm ərzində eyni komandaya qarşı 5 oyun keçirmək rəqabəti daha da artırır. Düşünürəm ki, idman rəqabətinin olması və böyük futbol oyunlarının keçirilməsi futbol üçün yaxşıdır. Mən şəxsən "Sabah"a qarşı oyunlardan zövq alıram. Çünki inanıram ki, bu oyunlarda yaxşı futbol oynayan iki komanda üz-üzə gəlir. Bu matçları səbirsizliklə gözləyirəm.
Milli.Az