Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, həmin məktəbdə təhsil alan iki doqquzuncu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb.
Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.
"Ayrı-ayrı siniflərin şagirdləri idilər, sözləri çəp gəldi, aralarında mübahisə yarandı. Hadisə övladımın gözünün qabağında baş verib, uşaq çox qorxub", - valideynlərdən biri söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, martın 13-də saat 10:25 radələrində Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı doqquzuncu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib, təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
TƏBİB-dən isə bildirilib ki, yaralı məktəbli Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. (baku.tv)
Milli.Az