Tədqiqatçı-alim Gülər Zeynalova ABŞ və Böyük Britaniyanın nüfuzlu elmi cəmiyyətlərinə üzv seçilib - FOTO

13 Mart 2026 16:43

Gənc azərbaycanlı tədqiqatçı-alim Gülər Zeynalova son aylarda dünyanın bir neçə nüfuzlu elmi təşkilatının üzvü seçilib - Biochemical Society, American Chemical Society və American Society for Biochemistry and Molecular Biology.

Biochemical Society (BS) Böyük Britaniyada fəaliyyət göstərən, biokimya sahəsini, o cümlədən hüceyrə və molekulyar biosahələrin bütün istiqamətlərini əhatə edən elmi cəmiyyətdir. Təşkilat 1911-ci ildə təsis olunub.

American Chemical Society (ACS) ABŞ-da fəaliyyət göstərən və kimya sahəsində çalışan tədqiqatçıları birləşdirən elmi təşkilatdır. 1876-cı ildə yaradılıb.

American Society for Biochemistry and Molecular Biology (ASBMB) isə ABŞ-da fəaliyyət göstərən, biokimya, molekulyar biologiya, genetika və əlaqəli biotibbi elmlər sahəsində mütəxəssisləri birləşdirən nüfuzlu elmi cəmiyyətdir. Təşkilat 1906-cı ildə təsis olunub.

"Bu üzvlük biokimya və molekulyar biologiya sahəsində aparılan elmi tədqiqatların beynəlxalq elmi platformalarda təqdim olunması, eləcə də qlobal elmi əməkdaşlıqların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır", - deyə Gülər Zeynalova bildirib.

Bu günlərdə Gülər Zeynalova ASBMB -nin illik konfransında iştirak edib və "Delayed aging as a Biological Phenomenon: Contributions Biochemical and Cellular Markers" ("Gecikmiş qocalma bioloji fenomen kimi: biokimyəvi və hüceyrə markerlərinin töhfəsi") adlı məruzə ilə çıxış edib. Tədbir Vaşinqtonda Gaylord National Harbor&Resort Convention Center in National Harbor-da baştutub.  Təqdimat konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

"ASBMB müasir biokimya və molekulyar biologiyanın inkişafında əsas təşkilatlardan biri hesab olunur və qlobal elmi icmanın formalaşmasında mühüm rol oynayır. Konfransda ABŞ, Avstraliya, Yeni Zelandiya, Çin, Hindistan, Tayvan və Böyük Britaniya da daxil olmaqla müxtəlif ölkələrdən tədqiqatçılar və alimlər iştirak edirdilər. Onların arasında kimya üzrə Nobel mükafatı laureatı Erik Betzig də var idi. Müxtəlif xəstəliklərin müalicəsinə yeni yanaşmalar, müasir texnologiyaların hazırlanması, elmi əlaqələrin və peşəkar əməkdaşlığın inkişafına yönəlmiş sessiyalar keçirildi. Azərbaycanı beynəlxalq elmi arenada təmsil etmək mənim üçün böyük şərəfdir", - deyə Gülər Zeynalova qeyd edib.

Qeyd edək ki, Gülər Zeynalova Abdulla Qarayev adına Fiziologiya İnstitutunun doktorantı və Bakı Baza Tibb Kolleci №2nin müəllimidir. O, Bakı Dövlət Universitetinin biologiya fakültəsini "Biokimya" ixtisası üzrə bitirib. Magistr dərəcəsini isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Biologiya və Tibb İnstitutunda "Biokimya" ixtisası üzrə əldə edib. Daha sonra təhsilini Azərbaycan Elm və Təhsil Nazirliyinin Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasında davam etdirib və Tibb Universitetinin biokimya kafedrasında ixtisasartırma kursları keçib. Respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır, bir sıra elmi məqalələrin və "Müasir tibbi laborator diaqnostika" kitabının müəllifidir.

Milli.Az