Gəmi kapitanının Xəzərdə boğulması ilə bağlı rəsmi məlumat - YENİLƏNİB

13 Avqust 2012 17:36
17:36

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, avqustun 12-də saat 07:10 radələrində "Bahar" yətağında geoloji işlərin başlanmasına hazırlıq zamanı Xəzər Dəniz Neft Donanmasının İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinə məxsus "Aura" yedək gəmisinin göyərtəsində olan "Arya-140" kiçik katerinin yükqaldırıcı mexanizm ilə dənizə endirilməsi zamanı kater çevrilərək dənizə düşüb və nəticədə katerin kabinasında olan kater kapitanı Əkbərov Fəxrəddin Ənvər oğlu suda boğularaq ölüb.

Operativ olaraq hadisə yerinə Xəzər Dəniz Neft Donanmasının "Orin-4", "Zərdab-6" dalğıc, "Uluçay" kran, göyərtəsində heyətsiz sualtı aparatlar yerləşdirilmiş "Tabriz Xəlilbəyli" gəmiləri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində "Arya-140" kateri, habelə hadisə yerindən 60-70 metr aralıda katerin kapitanı Əkbərovun meyiti tapılaraq sudan çıxarılıb və ekspertiza üçün sahilə göndərilib. Hadisənin baş vermə səbəbləri yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır.

----------
11:47

Xəzərdə gəmi kapitanının dənizə düşərək boğulmasının ilkin səbəbi açıqlanıb.

Suraxanı Rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, ilkin ehtimala görə, "Bahar" neft yatağı yaxınlığında "Aura" gəmisində ARİ 140 qayığının suya endirilməsi zamanı qayığı bərkidən tros qırılıb, nəticədə qayıqda olan Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbər oğlu Əkbərov suya düşərək boğulub.

Məlumata görə, artıq onun meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

---------
11:13

Xəzərin Azərbaycan sektorunda itkin düşən gəmi kapitanının meyiti tapılıb. Bu barədə APA-ya Suraxanı Rayon Prokurorluğundan bildirilib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərovun meyiti dənizdən çıxarılaraq ekspertizaya göndərilib. Onun gəmidə olan qayığı bağlayarkən başından aldığı zərbənin təsirindən dənizə düşərək boğulduğu ehtimal olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya baş vermiş hadisə ilə bağlı rəsmi məlumatın yayılacağını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə dünən "Bahar" neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb.

----------
10:07

Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən "Bahar" neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb.

Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az