Dodaq dolğusu etdirmək üçün gedən ana maşına qayıdanda uşağını ölü TAPDI

13 Mart 2026 13:37

ABŞ-da gənc ana dodaq dolğusu etdirmək üçün gözəllik salonuna gedərkən iki azyaşlı uşağını park edilmiş avtomobildə qoyub.

Milli.Az xəbər verir ki, nəticədə 1 yaşlı körpə istidən həyatını itirib.

Hadisə 29 iyun 2025-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib. 20 yaşlı Maya Hernandez avtomobili park etdikdən sonra 1 və 2 yaşlı övladlarını maşında qoyaraq salona daxil olub. Uşaqlar təxminən iki saat avtomobildə tək qalıblar.

Məlumata görə, anası qayıdanda 1 yaşlı Amillio Qutyerrez huşsuz vəziyyətdə tapılıb. Körpə dərhal xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Bildirilib ki, uşağın bədən temperaturu 41 dərəcəyə qədər yüksəlib. Avtomobildə olan 2 yaşlı qardaşının bədən temperaturu isə 37 dərəcə olub.

İstintaq materiallarında qeyd olunub ki, uşaqlar 2022-ci il istehsalı hibrid avtomobildə qalıblar. Maya Hernandez polisə kondisioneri açıq qoyduğunu bildirsə də, avtomobilin təhlükəsizlik sistemi təxminən bir saatdan sonra mühərriki avtomatik söndürüb. Bu səbəbdən uşaqların ən azı bir saat yüksək temperaturda avtomobilin içində qaldığı ehtimal olunur. Hadisə günü ərazidə havanın temperaturunun təxminən 38 dərəcə olduğu bildirilib.

Milli.Az