Xəstəxanaya yerləşdirilən "Rza Baba"dan XƏBƏR VAR

13 Mart 2026 09:41

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Zafer Ergin səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az xəbər verir ki, 83 yaşlı aktyor "Arka Sokaklar" serialının çəkilişləri zamanı qəfil özünü narahat hiss edib. Bundan sonra o, İstanbulun Şişli rayonunda yerləşən özəl klinikalardan birinə aparılıb və həkim nəzarətinə götürülüb. Aparılan tibbi müayinələr zamanı aktyorun qan analizlərində infeksiya göstəricilərinin yüksək olduğu müəyyən edilib və həkimlər onun bir neçə gün xəstəxanada qalmasına qərar veriblər.

Məlumata görə, tətbiq olunan antibiotik müalicəsindən sonra aktyorun vəziyyəti xeyli yaxşılaşıb. Həkimlər Zafer Erginin sabah xəstəxanadan evə buraxılacağını bildiriblər.

Qeyd olunur ki, aktyor həftəsonunu evdə istirahət edərək keçirəcək və səhhəti imkan verərsə, gələn həftənin əvvəlində yenidən serialın çəkiliş meydançasına qayıtmağı planlaşdırır.

Xatırladaq ki, Zafer Ergin uzun illərdir ki, tamaşaçıların sevdiyi Arka Sokaklar serialında "Rza Baba" obrazını canlandırır. Aktyor həmçinin bir vaxtlar Kurtlar Vadisi serialındakı "Karahanlı" rolu ilə də izləyicilərin yaddaşında qalıb.

Hüseyn
Milli.Az