Bu ölkədə pullar dəyişir: Tarixi şəxsiyyətləri təbiət mənzərələri əvəz edəcək

13 Mart 2026 08:41

İngiltərə Mərkəzi Bankı banknot dizaynlarında köklü dəyişiklik etməyə hazırlaşır. Uzun illərdir davam edən tarixi şəxsiyyətlərin pullar üzərində əks olunması ənənəsi yerini ölkənin flora və faunasına (bitki və heyvanat aləminə) buraxacaq.

Milli.Az xəbər verir ki, hazırda dövriyyədə olan banknotların arxa hissəsində Uinston Çörçill, Ceyn Ostin, Uilyam Törner və Alan Türinq kimi Britaniya tarixinə yön vermiş şəxslərin portretləri yer alır.

Yeni strategiyaya əsasən, bu simaları ölkənin bioloji müxtəlifliyini təmsil edən nadir növlər və ya ikonik təbiət mənzərələri əvəz edəcək.

Banknotların ön tərəfində monarxiya ənənəsinə uyğun olaraq Kral III Çarlzın portreti qalmağa davam edəcək.

Yeni pulların dizayn prosesində demokratik model tətbiq olunacaq. Yay aylarında başlayacaq kampaniya çərçivəsində vətəndaşlardan hansı təbiət elementlərinin pulların üzərində olmasını istədiklərinə dair təkliflər toplanacaq. Bu təkliflər tarixçilər, dizaynerlər və təbiətşünaslardan ibarət komissiya tərəfindən qiymətləndiriləcək.

Mərkəzi Bank rəsmiləri bildiriblər ki, mövcud polimer banknotların davamlılığı və hazırda davam edən digər dəyişiklik prosesləri səbəbindən, təbiət mövzulu yeni pulların cüzdanlarımıza daxil olması bir neçə il çəkə bilər.

Lalə Qüdrətova
Milli.Az