Azərbaycanda bu məhsulun qiyməti BAHALAŞDI - QİYMƏTLƏR

12 Mart 2026 11:09

Bəzi balıq növlərinin qiyməti artıb.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, İranda baş verən hadisələr ölkəyə idxal olunan balıqların azalmasına səbəb olub:

"Bu da qiymətlərə təsir edir. Balıq bazarında qiymət artımını satıcılar da təsdiq edir. Əksər balıqlarda 5-7 manat bahalaşma var. Bunun əsas səbəbi isə məhsulun azalması və daşıma xərclərinin yüksəlməsidir. Bazara gətirilən bəzi balıq məhsulları və yemləri İran üzərindən idxal olunurdu. Mövcud vəziyyət bu prosesdə müəyyən çətinliklər yaradıb. Xəzərin balıqları daha münasibdir hazırda". 

Məsələ ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bazara gətirilən məhsulların həcmi artarsa, stabillik yarana bilər:

"Ehtiyatda olan soyuduculardan satılan məhsulların qiymətində artım artıq müşahidə olunur. İrandan idxal olunan farelin qiyməti əvvəl 12-13 manat idisə, hazırda 18-19 manata təklif olunur. Kütüm balığı isə əvvəl 14-15 manat idisə, indi 20-23 manatdır". 

İqtisadçı qeyd edib ki, İranda müharibə davam etdiyi müddətcə qiymətin yüksəlməsi qaçınılmazdır. 

Aysel 
Milli.Az