Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Bəhreynin təqdim etdiyi və İranın Körfəz ölkələrinə qarşı hücumlarını dərhal dayandırmasını tələb edən qətnaməni qəbul edib. Səsvermədə İranın müttəfiqləri sayılan Rusiya və Çinin bitərəf qalması diqqət çəkib.
Milli.Az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə İranın Körfəz ölkələrinə raket hücumlarını pisləyən sənədə 13 ölkə dəstək verib.
Qərarda İranın Körfəz ölkələrinə qarşı hərbi hərəkətlərini dərhal dayandırması tələb olunur.
Tehranın Hörmüz boğazını bağlayaraq beynəlxalq dəniz təhlükəsizliyini riskə atması kəskin şəkildə pislənilib.
Bəhreynin Körfəz Əməkdaşlıq Şurası adından təqdim etdiyi bu layihəyə 130-dan çox BMT üzvü olan dövlət dəstək nümayiş etdirib.
Rusiya tərəfindən təqdim olunan və konkret ölkə adı çəkmədən Yaxın Şərqdəki bütün münaqişələrin dayandırılmasını nəzərdə tutan qərar layihəsi isə qəbul edilməyib. Sənədə yalnız 4 ölkə "hə" deyib, 9 ölkə isə bitərəf qalıb.
Lalə Qüdrətova
Milli.Az