“Azərbaycanım” IX Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalına start verilir

11 Mart 2026 15:37

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün münasibətilə Azərbaycan xalqının Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanim" IX Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində rəsm müsabiqəsi elan olunur.

Festivalın təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu Boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir.

Layihəyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyi dəstək göstərir.

Festivalın məqsədi Azərbaycan vətəndaşları və əcnəbilər arasında Azərbaycan musiqisinə marağı artırmaq, bu zəngin mədəni irsi təsviri sənət vasitəsilə daha geniş auditoriyaya təqdim etməkdir. Festival "Azərbaycan, səni sevirəm!" şüarı ilə keçirilir.

Müsabiqənin mövzusu **"Azərbaycan musiqisi təsviri sənətdə"**dir. İştirakçılar mövzuya müxtəlif yanaşmalarla - Azərbaycan musiqi alətləri, milli rəqslər, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik mövzulu musiqilər, uşaq və böyük mahnılarına ilustrasiyalar, həmçinin "Xəyalımdakı musiqi səhnəsi" kimi istiqamətlər üzrə əsərlər təqdim edə bilərlər.

Müsabiqədə 8-21 yaş arası uşaqlar və gənclər iştirak edə bilərlər. Əsərlər 30x40 sm-ə qədər ölçüdə və sərbəst texnikada qəbul edilir.

Əsərlərin qəbulu üçün son tarix 25 aprel 2026-cı ildir. İşlərin fotosu və iştirakçı anketi [email protected] elektron ünvanına göndərilməlidir. Qeyd olunur ki, məlumatları tam olmayan müraciətlər qəbul edilməyəcək.

Seçim zamanı müəllifin duyğu və düşüncələri nəzərə alınmaqla mövzuya yanaşma, kompozisiya və rəng həlli əsas meyar kimi götürüləcək. Qiymətləndirmə 8-11, 12-16 və 17-21 yaş kateqoriyaları üzrə aparılacaq.

Müsabiqənin ilk turunu keçmiş əsərlərin və müəlliflərin siyahısı 8 may tarixində elan ediləcək. Seçilmiş əsərlər əsasında onlayn kataloq hazırlanacaq və hər yaş kateqoriyası üzrə ayrıca sərgilər təşkil olunacaq. Sərgidə əsəri nümayiş olunan iştirakçılara sertifikat təqdim ediləcək.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival çərçivəsində iştirakçılar I, II, III yerlər, həmçinin həvəsləndirici mükafatlar, diplom və hədiyyələrlə təltif olunacaqlar.

Əcnəbi iştirakçılar tərəfindən təqdim olunan və seçilən əsərlər təşkilatçılar tərəfindən çap edilərək çərçivələnəcək və sərgilənəcək. Bu əsərlərin müəlliflərinə də sertifikat təqdim olunacaq. Əcnəbi iştirakçılar öz istəkləri ilə əsərlərinin orijinalını poçt vasitəsilə göndərə bilərlər və fərqlənən əsərlər ayrıca mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə və festivalda iştirak ödənişsizdir.

Əlavə məlumat üçün: (+994) 51 310 74 01 (telefon/WhatsApp)

Orijinal əsərlərin qəbul ünvanı:
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı prospekti 62, AZ1025
Tel: (+994 12) 490 84 51/52/53.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az