Qadağa qoyulan müğənnilər yenidən EFİRDƏ - Tolikdən sərt ETİRAZ - VİDEO

11 Mart 2026 15:10

Azərbaycanda bir qrup müğənni və sənət adamına efir qadağası qoyulduğu barədə yayılan siyahı ətrafında müzakirələr davam edir.

Milli.Az xatırladır ki, bir neçə gün əvvəl mediada yayılan həmin siyahılarda bəzi tanınmış ifaçıların adları yer almışdı.

Siyahıda adı çəkilən bəzi sənətçilər artıq yenidən televiziya proqramlarında görünməyə başlayıblar. Belə ki, müğənnilər Vəfa Şərifova və Talıb Tale aparıcı Zaur Nəbioğlunun təqdim etdiyi "Rəngarəng" verilişində qonaq qismində iştirak ediblər.

Məsələ sosial şəbəkələrdə də müzakirəsiz ötüşməyib. Aparıcı Tarix Əliyev (Tolik) bununla bağlı paylaşım edərək diqqət çəkən fikirlər səsləndirib. O, Vəfa Şərifovanın canlı efirdə iştirak etdiyi görüntünü paylaşaraq bəzi sənət adamlarına ünvanlanan tənqidi sözlər yazıb. Tolik bildirib ki, son günlər bu mövzu ətrafında özlərini "qəhrəman" kimi təqdim edən bəzi şəxslər indi səssiz qalmağa üstünlük verirlər və bu cür davranışların səmimi olmadığını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl siyahıda adı hallanan digər ifaçılar - Ayan Babakişiyeva və Şəbnəm Tovuzlu da yenidən televiziya efirlərində görünmüşdülər. Bu isə efir qadağası ilə bağlı yayılan siyahıların nə dərəcədə rəsmi olması məsələsini yenidən gündəmə gətirib.

Milli.Az