Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) sayğaclara görə ayrıca fiziki şəxslərdən pul tələb etməsi qanuni sayılmır.
Milli.Az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə qaz, su və elektrik sayğaclarının quraşdırılması fiziki şəxs olan istehlakçılar üçün təchizatçı müəssisələrin hesabına həyata keçirilməlidir. Bu məsələ "Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda öz əksini tapıb. Həmin qanunlara əsasən sayğacların quraşdırılması üçün vətəndaşlardan ayrıca ödəniş tələb olunması nəzərdə tutulmur.
Bəzi hallarda MTK-lar sayğacların qiymətinin tikinti xərclərinə daxil edildiyini bildirirlər. Bu zaman həmin xərc mənzilin ümumi satış qiymətinə daxil edilə bilər. Lakin mənzil satıldıqdan sonra sayğacların quraşdırılması üçün ayrıca pul tələb olunması üçün hüquqi əsas yoxdur.
Praktikada bəzi MTK-ların qaz, su və ya elektrik sayğaclarının quraşdırılması adı ilə vətəndaşlardan əlavə ödəniş tələb etməsi halları müşahidə olunur. Aidiyyəti qurumların açıqlamalarına görə, belə tələblər əsaslı hesab edilmir və vətəndaşlar bu hallarla qarşılaşdıqda müvafiq dövlət qurumlarına müraciət edə bilərlər. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və digər aidiyyəti qurumlara şikayət etmək mümkündür.
Ayxan
Milli.Az