"8 Noyabr" prospektində "Nargilə" dairəsi istiqamətində yerləşən köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti hasara alınıb, ərazidə xüsusi texnika fəaliyyət göstərir və bəzi hissələrdə relslər artıq tamamilə demontaj edilib.
Milli.Az xəbər verir ki, məlumata görə, bu işlər paytaxtda yeni kanalizasiya kollektorunun tikintisi ilə bağlı həyata keçirilir. Kollektorun keçəcəyi marşrut köhnə sənaye infrastrukturunun yerləşdiyi sahələrdən keçdiyi üçün həmin obyektlər mərhələli şəkildə sökülür.
Ərazidə çalışan işçilərin sözlərinə əsasən, burada yeraltı kollektor xətti müasir texnologiya ilə inşa olunur.
"8 Noyabr" prospekti boyunca görünən relslər vaxtilə neft sənayesinə xidmət edən sənaye dəmir yolu xəttinin qollarından biri olub.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən söküntü işləri Sahil kollektorunun tikintisi çərçivəsində aparılır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq "Nargilə" kafesinin yaxınlığında yerləşən mövcud nasos stansiyasına qədər davam edir və mikrotunel üsulu ilə tikilir. Təxminən 9,8 kilometr uzunluğa malik olan kollektor 2000 millimetr diametrli dəmir-beton borulardan ibarətdir və onun böyük hissəsinin tikintisi artıq başa çatdırılıb. Layihənin 2028-ci ildə tam yekunlaşdırılması planlaşdırılır.
Asya
Milli.Az