“Nəsillərin dialoqu” layihəsi çərçivəsində üçüncü konsert baş tutdu - FOTO

10 Mart 2026 17:28

Kamera və Orqan Musiqisi Zalında "Nəsillərin dialoqu" layihəsi çərçivəsində üçüncü konsert baş tutdu. Konsertdə müxtəlif nəsillərə mənsub ifaçılar bir araya gəldilər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov layihənin mahiyyətindən bəhs etdi və həmçinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi. Daha sonra Sevil Hacıyevanın "Ana" əsərini dinləyicilərə səsləndirdi.

İfanın ardınca səhnəyə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə dəvət olundu və o, gənc ifaçıların formalaşmasında bu layihənin böyük əhəmiyyəti olduğunu vurğuladı.

Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Taleh Yahyayev və onların tələbələri - Adil Həsənov, Xalid Hacıyev, Leyla Abdulrəhimova və Altun Süleymanov çıxış edərək dinləyicilərə parlaq musiqi nömrələri təqdim etdilər. Konsertmeysterlər Rəhimə Qurbanova və Aliyə Ağayeva idi.

Proqramda F. Çilea - "Arlezianka" operasından Federikonun ağısı, G. Kaççini - "Amarilli", C. Cahangirov - "Aylı gecələr", G. Bize - "Karmen" operasından Eskamilyonun kupletləri, Ü. Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyası, G. Puççini - "Bohema" operasından Müzettanın ariyası, S. Ələsgərovun "Gözlə məni" və F. Əmirovun "Azərbaycan elləri" əsərləri səsləndirildi.

Tədbirin maraqlı məqamlarından biri Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərlə Gülçöhrənin duetinin təqdimatı oldu.

Konsert Müslüm Maqomayevin "Odlar yurdu" əsərinin bütün solistlərin birgə ifasında səsləndirilməsi ilə yekunlaşdı.

"Nəsillərin dialoqu" layihəsi çərçivəsində keçirilən bu konsert Azərbaycan musiqi ənənələrinin davamlılığını, müxtəlif nəsillərə mənsub sənətkarlar arasında yaradıcılıq əlaqəsini və klassik vokal musiqisinin zənginliyini dinləyicilərə bir daha nümayiş etdirdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az