Həbsdən çıxan Müşfiq Abbasovdan ilk AÇIQLAMA

10 Mart 2026 15:01

Müşfiq Abbasov inzibati qaydada həbs olunmasından sonra azadlığa buraxıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bununla bağlı Facebook hesabında paylaşım edib.

Paylaşımında bildirib ki, onun həbs xəbəri bir çox insanı narahat edib və buna görə də hər kəsə təşəkkür edir:

"Əziz dostlar! Bilirəm ki, əksəriyyətiniz mənim inzibati qaydada həbs olunma xəbərimi təəssüflə qarşıladınız və buna görə narahat oldunuz. Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır".

O qeyd edib ki, özünü hər hansı inzibati hüquq pozuntusunda təqsirli hesab etmir:

"Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda qanunu pozmamışam. İkincisi, əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsə həmin statusu silərdim. Çünki mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi".

Müşfiq Abbasov əlavə edib ki, 15 günlük həbs müddətini müəyyən nəticələr çıxarmaq üçün bir fürsət kimi qəbul edir.

"Əmir Teymurun belə bir sözü var: insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun", - deyə o bildirib.

Milli.Az