Fitrə zəkatı necə olmalıdır: Buğda, un, düyü, yoxsa pul? - QMİ AÇIQLADI

10 Mart 2026 11:49

Oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarması vacibdir. 

Bunu Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, fitrə zəkatı birinci növbədə ehtiyacı olan yaxın qohumlara verilməlidir.

"Əgər qohum yoxdursa, ehtiyacı olan qonşulara, məhəllədə və ya kənddəki tanışlara verilməlidir. Əslində şəriət qanununda fitrə zəkatı 3 kq ən çox istifadə olunan ərzaqdan çıxarılır. Bu buğda, un, düyü, kişmiş, xurma kimi məhsullar ola bilər. Lakin məsləhət görülür ki, fitrə ehtiyacı olanlara pul şəklində verilsin. Pul şəklində olduqda onu ərzaq ehtiyaclarına, təhsilə və ya xəstə varsa onun müalicəsinə sərf etmək mümkündür. Bu baxımdan pul şəklində verilməsi daha məqsədəuyğundur. Amma dinimizdə bu, ərzaq ilə ölçülür.

QMİ rəsmisi bildirib ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun çıxarmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, orta səviyyədə yaşam tərzi olan insanlar adambaşına 10-15 manat fitrə zəkatı versin. Bunun üçün konkret standart məbləğ müəyyən edilməyib, bu sadəcə idarənin tövsiyəsidir. Hər evdən ildə bir dəfə fitrə zəkatı çıxarılıb kasıblara verilir. Çünki yoxsulları sevindirmək böyük savab sayılır. Fitrə zəkatı bayram namazına qədər verilməlidir".

F. Nurullayev əlavə edib ki, əgər evə qonaq gələrsə, onlar üçün fitrə zəkatı çıxarmaq ev sahibinin boynunda haqq sayılır.

"Ailə üzvlərindən səfərdə olan və ya hərbi xidmətdə olan şəxslər üçün fitrə zəkatı çıxarmaq vacib deyil. Ramazan ayının ən böyük fəzilətlərindən biri paylaşmaqdır", - QMİ rəsmisi qeyd edib.

Ayxan
Milli.Az