Dünya tennisinin əfsanəsi, 24 qat "Böyük Dəbilqə" turnirlərinin qalibi Novak Cokoviç qadın tennisçilərin də beş setlik sistemlə mübarizə aparması təklifinə münasibət bildirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mətbuat konfransı zamanı Kreyq Taylinin yanvar ayında səsləndirdiyi bu təklifə Cokoviçin cavabı qısa və kəsrin olub: "Məsləhət görmürəm (gülür)".
Təcrübəli tennisçi beş setlik matçların idmançıdan tamamilə fərqli hazırlıq tələb etdiyini qeyd edib:
"Beş setlik oyunların keçirildiyi "Böyük Dəbilqə" turnirlərinə hazırlaşmaq tam başqa bir dünyadır. Bu, həm fiziki, həm də mental olaraq tam fərqli bir tura hazırlaşmaq deməkdir. Çünki bəzi matçlar 3, 4, 5, hətta 6 saat davam edə bilər".
Cokoviç öz karyerasından misal gətirərək, bu gərginliyin bədənə olan təsirini xatırladıb:
"Mən tarixin ən uzunmüddətli finalını oynamışam - 2012-ci ildə Avstraliyada Nadal ilə qarşılaşmamız təxminən altı saat çəkmişdi. Bu, inanılmaz dərəcədə tükəndirici və ağırdır. Yaxınlarda Sinnerlə də beş saata yaxın mübarizə apardım. 2012-ci ildə bədənim belə marafonlardan sonra daha tez bərpa olunurdu, nəinki indi. Arada bir günlük istirahət olsa da, 4-5 saatlıq "döyüş"dən sonra növbəti çağırışa hazır olmaq çox çətindir. Turnirin sonuna yaxınlaşdıqca fiziki yorğunluq daha da artır".
Novakın fikrincə, qadın tennisində bu sistemin tətbiqi idmançıların sağlamlığı və oyun keyfiyyəti baxımından ciddi risklər yarada bilər.
Milli.Az