Fasiləli oruc arıqlamaq üçün effektiv deyilmiş...

7 Mart 2026 03:03

Fasiləli orucun artıq çəkidən azad olmağa ciddi təsir göstərmədiyi müəyyən edilib.

Milli.Az xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda bildirilir ki, nəticələr Cochrane Database of Systematic Reviews jurnalında dərc olunan geniş elmi icmala əsaslanır.

Araşdırma çərçivəsində 2 minə yaxın böyüklərin iştirak etdiyi 22 elmi tədqiqatın nəticələri təhlil olunub. Nəticələr göstərib ki, həftənin müəyyən günlərində ac qalmaq, digər günlərdə isə normal qidalanmaq arıqlama və həyat keyfiyyəti baxımından ənənəvi pəhriz tövsiyələri ilə müqayisədə ciddi üstünlük yaratmır.

Alimlərin sözlərinə görə, fasiləli oruc bəzi insanlarda xolesterin və qan şəkəri kimi göstəricilərə müsbət təsir göstərə bilər. Lakin bu üsulun arıqlamaq üçün xüsusi və daha effektiv metod olması barədə iddialar elmi sübutlarla təsdiqlənmir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, artıq çəkidən xilas olmağın əsas yolu kalori qəbulunun azaldılması və balanslı, sağlam qidalanmadır. Onların fikrincə, fasiləli orucun təsirlərini daha dəqiq qiymətləndirmək üçün əlavə və daha geniş araşdırmalara ehtiyac var.

Milli.Az