“İstefa barədə düşünmürəm”

6 Mart 2026 12:30

İngiltərənin "Tottenhem" futbol klubunun baş məşqçisi İqor Tudor Premyer Liqada qeydə alınan uğursuz nəticələrdən sonra gələcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, xorvatiyalı mütəxəssis vəzifəsindən kənarlaşdırılma qorxusunun olmadığını vurğulayıb. Tudor işinə fokuslandığını deyib.

"İstefa verilmək təhlükəsi? Mən bu istiqamətdə düşünmürəm. Yerinə yetirməli olduğum işim var və vəssalam", - deyə baş məşqçi söyləyib.

Qeyd edək ki, fevralın 14-də Tomas Frankı əvəzləyən 47 yaşlı mütəxəssisin rəhbərliyi altında "mahmızlar" hələ də qələbə üzünə həsrətdir. Komanda son olaraq doğma meydanda "Kristal Palas"la qarşılaşıb və 3:1 hesabı ilə məğlub olub. Hazırda turnir cədvəlinin alt qatlarında qərarlaşan London təmsilçisi ciddi eniş yaşayır. Tudorun klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Milli.Az