Hindistanda Su-30MKI qırıcı təyyarəsi Assam ştatında adi təlim missiyası zamanı radardan itib və qısa müddət sonra qəzaya düşüb.
Milli.Az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə nəticəsində eskadrilya komandiri Anuc və uçuş leytenantı Purveş Duraqkar həlak olublar.
Bildirilib ki, təyyarə cümə axşamı saat 19:42 radələrində Assamın Corhat şəhərində yerləşən hərbi hava bazasından havaya qalxıb. Lakin az sonra onunla əlaqə kəsilib. Qırıcı təyyarə Corhatdan təxminən 60 kilometr məsafədə, Karbi Anglong rayonunun meşəlik və dağlıq ərazisinə düşüb.
Yerli sakinlər qəza zamanı güclü partlayış səsi eşitdiklərini və alov topu gördüklərini bildiriblər. Hadisə yerinə dərhal axtarış-xilasetmə qrupları göndərilib.
Fidan
Milli.Az