Çexiya və Belçika Naxçıvana hücumu pisləyib

6 Mart 2026 09:54

Çexiya və Belçika səfirliyi Naxçıvana hücumu pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə Çexiya səfirliyinin paylaşımında bildirilib.

"Bu qəbuledilməz addım Azərbaycanın təhlükəsizliyinin pozulmasıdır və regional sabitliyi sarsıdır", - paylaşımda vurğulanıb.

Belçika səfirliyi isə Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir.

Bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirlər: "Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik".

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Milli.Az