7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında piano ixtisası üzrə tələbələrin iştirakı ilə "Musiqi debütü" adlı konsert proqramı təqdim olundu.
Konsert çərçivəsində İ.S.Bach, A.Məlikov, F.Chopin və S.Raxmaninov kimi bəstəkarların piano yaradıcılığından seçilmiş əsərlər təqdim olundu.
Konsertdə fortepiano fakultəsinin tələbələri səhnəyə çıxaraq yüksək ifaçılıq bacarıqlarını nümayiş etdirdilər.
Fevralın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Nəsillərin Dialoqu" layihəsi çərçivəsində ikinci konsert proqramı təqdim olundu.
Konsertdə Azərbaycan muğam sənətinin tanınmış nümayəndələri - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov və tələbələri çıxış etdilər.
21 fevral - növbəti abonement konsertdə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (bədii rəhbər xormeyster Naala Baratelia, konsertmeysterlər L.Bağırzadə, M.Zalıyeva və F.İ.Məhəmmədzadə) çıxış etdi.
Proqramda Azərbaycan, türk özbək bəstəkar və xalq mahnıları səsləndirildi.
Konsert çərçivəsində xor qrupunun artistləri çıxış etdilər.
28 fevral tarixində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konsert proqramı təqdim olundu.
Proqramda F.Schubert, İ.Bach, S.Prokofyev, S.Raxmaninov, Q.Qarayev və T.Quliyev kimi bəstəkarların əsərlərindən seçmələr, həmçinin muğam və xalq musiqisi nümunələri təqdim olundu.
Konsertdə instrumental ifaçılar G.Cəfərova, Ə.Əmrahova, P.Heydərov, M.Zeynallı, M.İmanova, S.Kərimov, A.Məmmədzadə, N.Həsənova, Z.Əlizadə, M.Həsənov, M.Kərimova, F.Fərəcova, F.Zeynallı və X.Nizamzadə çıxış etdilər. Vokal və xanəndə ifaları C.Niftalıyev, N.Nağızadə, Ə.Məhərrəmova və M.Nəbizadə tərəfindən təqdim olundu. Muğam nömrələrində müşayiəti M.Əsədullayev (tar), H.Abdullayev (kamança) və R.Dadaşov (nağara) həyata keçirdilər. Konsertmeysterlər Ü.Əlizadə, R.Quluzadə, T.Hüseynova, R.Zəkiyeva və S.Kərimova idi.
Beləliklə, keçirilən abonement konsertlər maraqlı və zəngin proqramları ilə dinləyicilərin rəğbətini qazanaraq, onlara unudulmaz zövq bəxş etdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az