Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Naxçıvana dron hücumunu tənqid edib.
Milli.Az xəbər verir ki, səfir bu barədə "X" hesabında paylaşım edib.
"İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram", - Laqut paylaşımında bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Milli.Az