Suriya İranın Azərbaycana dron hücumlarını qınayıb.
"Suriya Ərəb Respublikası İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raket və dronlarla hədəfə alması şiddətlə qınayır. Biz bu hərəkətləri dövlət suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq təhlükəsizlik və stabilliyə təhdid kimi qiymətləndiririk.
Suriya Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə edir və regional sülh və təhlükəsizliyi qorumaq üçün beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərinə əməl etməyə çağırır", - Suriya XİN-dən bildirilib.
Niderland səfirliyi İranın Azərbaycana dron hücumlarını pisləyib.
"Biz bu gün səhər Naxçıvana edilən dron hücumunu şiddətlə qınayırıq. Belə addımlar Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasıdır. Bu, qəbuledilməzdir və regional stabilliyə ziyan vurur.
Bu çətin anda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik", - səfirlikdən bildirilib.
İordaniya, Latviya və Moldova Azərbaycana dron hücumunu pisləyib.
"Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb, beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq", - bu barədə Latviya səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
İordaniya İranın Azərbaycana dron hücumlarını qınayıb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İordaniya XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini ən sərt şəkildə pisləyib, iki ölkənin suverenliyinin kobud şəkildə pozulmasını, regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya təşkil edən bu hücumları rədd etdiyi və qınadığı vurğulanıb.
"İordaniya qardaş Türkiyə Respublikası və qardaş Azərbaycan Respublikası ilə tam həmrəydir. Onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir", - bəyanatda qeyd olunub.
Moldova Azərbaycana dron hücumunu pisləyib.
Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi "X" hesabında qeyd edib.
"Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır", - nazir bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Fidan
Milli.Az