Özbəkistan mediasında Anqren şəhərində çəkildiyi bildirilən video qısa zamanda geniş yayılaraq müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda sahibsiz heyvanlara qarşı amansız davranışın əks olunduğu iddia edilir.
Məlumata görə, "Angren-Hayot" adlı sahibsiz heyvanlar sığınacağının könüllüləri Anqren şəhər hakimiyyəti yanında fəaliyyət göstərən abadlıq şöbəsinə tabe "tutma xidməti" əməkdaşlarının bir iti öldürdüyünü gördüklərini bildiriblər.
Son dövrlərdə zoovollontyorlar tərəfindən bu xidmətin əməkdaşları ilə bağlı müxtəlif iddialar da səsləndirilirdi. Onların sözlərinə görə, tutulmuş itlərin gizli şəkildə kəsilərək bəzi yeməkxana və kafelərə verildiyi barədə məlumatlar yayılırdı. Sosial şəbəkələrdə yayılan son video isə bu iddialarla bağlı konkret sübut kimi təqdim olunur.
Videonu paylaşan Nərgiz Qasimova məsələ ilə bağlı qeyd edib ki, Özbəkistan Nazirlər Kabinetinin 8 iyul 2011-ci il tarixli qərarına əsasən, tutulan sahibsiz itlər ən azı 5 gün saxlanılmalı və baytarlıq müayinəsindən keçirilməlidir. Lakin həmin sənəddə bu müddətdə sahibi tapılmayan heyvanların sonrakı taleyi ilə bağlı aydın mexanizm göstərilməyib.
O, bu səbəbdən qərarın yenidən nəzərdən keçirilməsinin vacib olduğunu vurğulayıb. Qasimova həmçinin sahibsiz heyvanlara qarşı amansız rəftarın qarşısının alınması ilə bağlı hazırlanmış qanun layihəsinin tezliklə müzakirə olunaraq qəbul edilməsinin zəruri olduğunu bildirib.
Məsələ ilə bağlı zoovollontyorlar - o cümlədən İroda Matkarimova və digər fəallar hadisə yerinə gedərək vəziyyəti araşdırmağa çalışıblar. Fəallar Anqren şəhərində heyvanlara qarşı qəddar davranışa yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Musa
Milli.Az