İspaniyanın "Real" futbol klubunun transfer radarları yenidən İngiltərəyə yönəlib. Madrid təmsilçisinin rəhbərliyi "Mançester Siti"nin gənc istedadı Niko O-Reyllini gələn yay üçün əsas hədəf seçib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klub prezidenti Florentino Peres 20 yaşlı müdafiəçini həm sol cinahda, həm də yarımmüdafiədə oynaya bildiyi üçün "unikal tapıntı" hesab edir.
Niko O-Reylli bu mövsüm Premyer Liqada göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkib. Gənc futbolçu müdafiəçi olmasına baxmayaraq, cari çempionatda artıq dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "şəhərlilər" öz yetirməsi ilə 2030-cu ilə qədər müqavilə imzalasa da, "Real"ın bu transfer üçün 40 milyon avro (80 milyon AZN) təklif etməyə hazır olduğu bildirilir. Madridlilər Niko O-Reyllini heyətə qatmaqla həm rəqibini zəiflətmək, həm də uzunmüddətli perspektivdə sol cinah problemini həll etmək niyyətindədir.
Milli.Az