“NƏSİMİ” operası möhtəşəm təqdimatı – ilk dəfə süni intellekt texnologiyalarından istifadə olundu - VİDEO - FOTO

4 Mart 2026 17:42

Azərbaycan musiqi sənətində mühüm hadisə kimi dəyərləndirilən möhtəşəm tamaşa - Xalq artisti Siyavuş Kəriminin "NƏSİMİ" birpərdəli operası Heydər Əliyev Sarayının səhnəsində tamaşaçılara təqdim olundu. Operanın ideya və musiqi müəllifi olan Siyavuş Kərimi bu əsərdə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dramatik və fəlsəfi taleyini müasir musiqi dili ilə səhnəyə gətirdi. Əsər insanın mənəvi azadlığı, həqiqət axtarışı, inanc və qurbanlıq kimi əbədi mövzulara toxunaraq, Nəsimi irsinin ideya-fəlsəfi dərinliyini operanın emosional təsir gücü ilə birləşdirdi. Ölkədə ilk dəfə olaraq operanın quruluşu zamanı süni intellekt texnologiyalarından istifadə olundu.

Librettonun müəllifi, akademik Rafael Hüseynov tarixi faktlarla bədii təxəyyülü ustalıqla sintez edərək səhnə üçün dramatik və təsirli mətn yaratdı. Tamaşanın dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev oldu. Xormeyster - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissor - Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqraf - Əməkdar artist Yuriy Lobaçev, quruluşçu rəssam isə Nərgiz Quliyeva oldu.

Konsertmeysterlər Tofiq Şıxıyev, Roza Səlimova və Nüşabə İsa, tamaşanı idarə edən Pərvin Qurbanova, truppa rəhbəri isə Zülfiyyə İbrahimova idi.

Baş rolları Əməkdar artist Ramil Qasımov (İmadəddin Nəsimi), Xalq artisti Nurəddin Mehdixanlı (Salnaməçi), Fatimə Cəfərzadə (Sənəm), Xalq artisti Teyyub Aslanov (Fazlullah Nəimi), Səma Həmzəyeva (Nəsiminin anası), Fəhmin Əhmədli (Şahxəndan - ilk dəfə), Mahir Tağızadə (Əmir Teymur), Əməkdar artist Anton Ferştandt (Vəzir), Əliəhməd İbrahimov (Vəkil - ilk dəfə), Əməkdar artist İlkin Əhmədov (Əbdülqadir Marağayi), Əməkdar artist Tural Ağasıyev (Zahid), Əməkdar artist Arzu Əliyeva (Fatimə - ilk dəfə), Hidayət Əliyev (Məlikşüarə - ilk dəfə), Fuad Əzizzadə (Zindan açarçısı), Emil İsmayılov (Qazi - ilk dəfə), Xəyal Hüseynov (Tacir), Ruslan Persan (Birinci keşikçi) və Orxan Cəlilov (İkinci keşikçi - ilk dəfə) canlandırdılar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xor kollektivi və balet truppası iştirak etdi.

"NƏSİMİ" operası klassik Şərq fəlsəfəsini simfonik düşüncə və milli musiqi elementləri ilə bir araya gətirərək monumental səhnə kompozisiyası yaratdı. Bəstəkarın zəngin orkestr boyaları, xor səhnələrinin dramatik kulminasiyaları və solist partiyalarının emosional yükü tamaşaçıları XIV əsrin mürəkkəb ictimai-mənəvi atmosferinə apardı.

Operada Nəsiminin mürşidi Fazlullah Nəimi ilə ideya bağlılığı, dövrün siyasi və dini qarşıdurmaları, insanın daxili azadlıq manifesti kimi səslənən poeziyası dinamik və təsirli dramaturgiya ilə təqdim olundu.

Bu səhnə əsəri yalnız musiqi hadisəsi kimi deyil, həm də milli-mənəvi dəyərlərin və ədəbi-fəlsəfi irsin təntənəsi kimi yadda qaldı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az və Azernews.Az.