Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Görülən işlərin əsas məqsədi ərazinin estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasıdır.
Milli.Az xəbər verir ki, abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yolkənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində obyektlərin fasadı üzlənib, ərazidə küçənin ümumi görünüşünə xələl gətirən, mövcüd standartlara uyğun olmayan reklam konstruksiyalarının sökülüb. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, məhəllələrdə təmizlik işləri aparılıb, ətraf hasarlar yuyularaq rənglənib.
Bundan əlavə küçə işıq dirəylərinin lampaları dəyişdirilir, dirəklər rənglənir , ağaclar yuyulur və budanir, onlara aqrotexniki qulluq göstərilir. Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür.
Abadlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə 470 nəfər işçi qüvvəsi və 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitəsi cəlb olunmuşdur.
Eyni zamanda, Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov küçələri boyunca abadlıq işlərinə başlanılmışdır.
Qeyd edək ki, Suraxanı rayonu ərazisində abadlıq, təmizlik və yenidənqurma işlərinin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, fevralın 17də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub. Töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz vermişdi.
Milli.Az