Xalq artisti Ağadadaş Ağayev "Öz aramızda" verilişində çıxışı zamanı futbol sevgisindən və tanınmış məşqçi Qurban Qurbanovla bağlı xatirələrindən danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, futbol onun həyatında hər zaman xüsusi yer tutub:
"Uşaqlıqdan futbola bağlı olmuşam. Nərimanovda öz stadionum da var. Futbolçuların bir çoxunun toy məclisində oxumuşam".
Ağayev vurğulayıb ki, Qurban Qurbanovun toy məclisini də məhz o idarə edib:
"Qurban Qurbanovun toyunu mən etmişəm. Onun ailəsini çox yaxşı tanıyıram və çox istəyirəm. O, bu gün dünyada tanınan böyük məşqçilərdən biridir", - deyə Xalq artisti bildirib.
Müğənni həmçinin Qurbanovun vida oyununda səhnəyə çıxdığını xatırladıb:
"Vida oyununda onun konsertini verdim, yola saldım. Stadionda 30-35 min insan var idi. Bütün xeyir-duaları mən vermişəm".
Ağayev zarafatla bir müddət Qurbanovdan "küsdüyünü" də deyib:
"Zarafatla dedim ki, ondan küsmüşəm. O, bizim fəxrimizdir. Özü bir-iki dəfə zəng edib, amma adı siyahıda yazılmadığı üçün bilməyib götürməmişəm. Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarix yazdılar".
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ FK" bu mövsüm UEFA Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarixi uğura imza atıb. Bu nailiyyət Azərbaycan futbolu üçün mühüm mərhələ kimi qiymətləndirilir.
Hüseyn
Milli.Az