"Real"da ciddi İTKİ

4 Mart 2026 09:45

İspaniya La Liqasının XXVI turunda baş tutan La Liqa qarşılaşmasında Madrid təmsilçisi "Xetafe"yə minimal hesabla (0:1) uduzub. Oyunun ən diqqətçəkən məqamlarından biri isə Rodriqonun zədələnməsi olub.

Milli.Az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, braziliyalı hücumçu diz nahiyəsindən xəsarət alıb. Zədənin ağırlıq dərəcəsini dəqiqləşdirmək üçün o, yaxın saatlarda ətraflı tibbi müayinədən keçiriləcək.

Təxminən bir aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan 25 yaşlı futbolçu 54-cü dəqiqədə oyuna daxil olub. Lakin görüşü sona qədər davam etdirə bilməyib və zədə səbəbindən matçı yarımçıq başa vurub. İlkin ehtimallara əsasən, onun vəziyyəti ciddi ola bilər. Bu halda Rodriqo "Selta" ilə növbəti çempionat matçını və UEFA Çempionlar Liqasında Manchester City ilə keçiriləcək ilk oyunu buraxa bilər.

Cari mövsümdə Rodriqo "Kral klubu"nun heyətində bütün turnirlər çərçivəsində 27 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 3 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, Madrid klubunda zədəlilər siyahısı kifayət qədər genişdir. Belə ki, komandanın aparıcı simaları - Kilian Mbappe, Cud Bellinqem və Eder Militao da müxtəlif zədələr səbəbindən hazırda komandanın oyunlarında iştirak edə bilmirlər. Bu isə mövsümün həlledici mərhələsində madridlilər üçün ciddi problem yaradır.

Hüseyn
Milli.Az