“Xameneinin yerini Trampa o zəng vurub DEYİB"

4 Mart 2026 09:10

ABŞ və İsrail arasında İranla bağlı gərginliyin kulminasiya nöqtəsinə çatdığı iddia olunur.

Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, Axios nəşri üç məlumatlı mənbəyə istinadən yazır ki, ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İran məsələsi ilə bağlı mühüm telefon danışığı baş tutub.

Məqalədə bildirilir ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun yaxın çevrəsinin şənbə günü Tehranda bir araya gələcəyi barədə kəşfiyyat məlumatı təqdim edib. İddiaya görə, bu görüşün bir zərbə ilə hədəfə alınmasının mümkünlüyü vurğulanıb. Mənbələr həmin anı həm Vaşinqton, həm də Təl-Əviv üçün "qaçırılmamalı fürsət" kimi qiymətləndirib.

Nəşr yazır ki, fevralın 23-də Ağ Evdən edilən və indiyədək ictimaiyyətə açıqlanmayan zəng İranla mümkün müharibəyə aparan prosesdə dönüş nöqtəsi sayılır. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, iki lider son aylarda İran məsələsində intensiv koordinasiya aparıblar. Bu müddətdə Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefon danışığı ediblər.

Bildirilir ki, əməliyyatın bir həftə əvvəl həyata keçirilməsi planlaşdırılsa da, hava şəraiti və digər hərbi səbəblərə görə təxirə salınıb. Trampın tapşırığı ilə Mərkəzi Kəşfiyyat İdarəsi İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib.

Mənbələr iddia edir ki, Tramp əvvəlcədən İrana qarşı zərbə variantına isti yanaşsa da, konkret vaxt barədə qərar verməkdə tərəddüd edib. Netanyahu ilə söhbətdən sonra isə hazırlıq prosesinin sürətləndirildiyi bildirilir. Bununla belə, prezident əvvəlcə Konqresdə "Birliyin Vəziyyəti" ilə bağlı çıxışını edib.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp İran rəhbərliyini təşvişə salmamaq və mümkün gizlənmənin qarşısını almaq üçün İrana diqqətin açıq şəkildə yönəldilməməsi barədə qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra əməliyyatla bağlı qərar mərhələsinə keçilib.

Həmin gün Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ tərəfi diplomatik səylərin nəticəsiz qaldığını bildirib. Rəsmilərin sözlərinə görə, diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparılardı, lakin qarşı tərəf prezidentin qəbul edə biləcəyi şərtlərə hazır olmayıb.

Bundan sonra Trampın iki məsələyə əmin olduğu vurğulanır: kəşfiyyat məlumatlarının etibarlılığı və diplomatik imkanların tükənməsi. Məlumata əsasən, cümə günü saat 15:38-də son göstəriş verilib və bir neçə saat sonra Tehrana zərbələr endirilib. Xameneinin öldürüldüyü və müharibənin başladığı iddia olunur.

ABŞ Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq əməliyyatın "istənilən halda qaçılmaz" olduğunu və bunun yalnız zaman məsələsi sayıldığını bildirib.

Eyni zamanda, ABŞ vətəndaşlarının bir hissəsinin hücumlar barədə əvvəlcədən məlumatlandırılmadığı, İranın mümkün cavab zərbələri fonunda bölgədə risk altında qaldığı qeyd olunur. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili addımlar atıb. Jurnalistlərin suallarını cavablandıran Tramp isə hadisələrin çox sürətli inkişaf etdiyini deyib.

Ağ Ev yayılan məlumatları rəsmi şəkildə təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməyi kifayət bilib.

Hüseyn
Milli.Az