Yaxın Şərqdə davam edən şiddətli münaqişə yeni mərhələyə qədəm qoyur. İsrail Müdafiə Qüvvələri (IDF) İranın paytaxtı Tehranda strateji infrastruktur obyektlərinə qarşı kütləvi zərbələr endirdiyini elan edib.
Milli.Az xəbər verir ki, İsrail ordusunun rəsmi "Telegram" kanalı vasitəsilə yaydığı təcili məlumata görə, hərbi hava qüvvələri Tehranın mərkəzi hissələrində yerləşən və rejimin idarəetmə qabiliyyətini təmin edən infrastruktur nöqtələrini hədəf alıb. IDF nümayəndələri əməliyyatın miqyasının "geniş" olduğunu və hədəflərin dəqiqliklə seçildiyini vurğulayıblar.
Məlumata görə, son zərbələr zamanı Tehranda dövlət qurumlarının yerləşdiyi binalar, rabitə qovşaqları və silah istehsalı ilə əlaqəli olduğu iddia edilən komplekslər atəşə tutulub. Şəhər sakinləri güclü partlayış səsləri eşitdiklərini və bir neçə nöqtədən qatı tüstü yüksəldiyini bildirirlər.
Lalə Qüdrətova
Milli.Az