Məşhur qazaxıstanlı velosipedçisi “Bakı-Xankəndi” yarışının fəxri qonağı olacaq

3 Mart 2026 18:15

Qazaxıstanın tanınmış velosipedçisi, 2012-ci il London Olimpiadasının çempionu və 2000-ci il Sidney Oyunlarının gümüş mükafatçısı Aleksandr Vinokurov Azərbaycana səfər edəcək. "Tour de France" və "Vuelta"nın çoxsaylı mərhələ qalibi beynəlxalq "Bakı-Xankəndi" veloyürüşünə dəvət olunub.

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib. Onun sözlərinə görə, 52 yaşlı qazaxıstanlı idmançı qarşıdan gələn yarışda fəxri qonaq qismində iştirak edəcək.

"Bakı-Xankəndi" yarışı mayın 10-dan 14-dək keçiriləcək. Veloyürüş 21 şəhəri əhatə edəcək və turnirdə dünyanın 21 ölkəsini təmsil edən 25 komanda mübarizə aparacaq.

Qeyd etmək lazımdır ki, belə səviyyəli dünya ulduzunun yarışa qatılması turnirin yüksək statusunu və regionda velosiped idmanına artan marağı bir daha nümayiş etdirir.

Milli.Az